Dəri xəstəlikləri

Dəri xəstəlikləri

Bədən üzvlərinin qayğısına necə qalırıqsa, qarşılığını da elə alırıq. Onlardan biri də dərimizdir və ən böyük bədən orqanıdır. Son illər dəri xəstəliklərinə yoluxmada statistik artım onu göstərir ki,
1. dərimizin qayğısına qalmırıq; düzgün müalicə olunmuruq;
2. düzgün müalicə oluna bilmirik.
Bunlar bir faktdır və dərimizin üçün fəlakətdir. Dəridə baş verən fəsadlardan bir çoxunun bədəndaxili proseslərdən qaynaqlandığını nəzərə alsaq, görərik ki, biz ümumiyyətlə sağlamlığımızın bir elə də fərqində deyilik.
Dəridə 2 minə yaxın xəstəlik növü var. Dermatologiyanın göbələk və parazitar xəstəliklərini çıxsaq, qalanlarının çoxunun səbəbi məlum deyil və infeksion xarakter daşımır. Belə bir sual yaranır bəs, dəri xəstəliklərinin yaranma səbəbləri hansılardır və müalicəyə tabe olan növlərinin sağalma faizi nə qədərdir?
Respublika Dəri-zöhrəvi Dispanserinin (RDZD) həkim-dermoveneroloqunun sözlərinə görə, xəstəliyin yaranma səbəbləri müxtəlifdir. İrsiyyət faktoru önəmlidir, əsasən sinir faktoru, endokrinoloji faktor mühüm rol oynayır. İnfeksion keçici xarakter daşıyan xəstəlikləri kimi göbələk və parazitar xəstəlikləri qeyd etmək olar. Zöhrəvi xəstəliklər də infeksion keçici olur. Onlar bir şəxsdən digərinə keçə bilər. Əgər, vaxtında diaqnozu qoyularaq müayinə edilmədikdə fəsadları daha ağır ola bilər.
Həkim öz fikirlərində haqlıdır. Amma etiraf etməliyik ki, fəsad bəzən diaqnozun yanlış təyini ilə də bağlı ola bilər (və olur da), bunu inkar etməməliyik – bu, həm də səhiyyəmizin ən ağrılı və “müalicəyə” ehtiyacı olan tərəfidir.

Z.Nuriyevin qənaətinə görə, müalicə zamanı yaxşı nəticənin alınmasında əsas şərt düzgün diaqnozun təyin edilməsidir, yəni ilkin olaraq özünə inam, dəqiq diaqnoz və xəstənin sənə inanması: “Təbii ki, burada təcrübə də çox vacib amil hesab olunur. Çünki dəri-zöhrəvi xəstəliklərin çoxu bir-birinə oxşayır – həm əlamətləri, həm də xarici görünüşlərinə görə. Bunları bir-birindən fərqləndirmək, təsnifatlandırmaq alınacaq düzgün nəticənin 50 faizi deməkdir”.


Həkim-dermoveneroloq son illər ölkəmizdə ən çox təsadüf edilən dəri-zöhrəvi xəstəliklərdən psoriaz - pullu dəmirov, ekzema, neyro-dermit, allergik-dermatitlər, atepik-dermatit (əsasən, uşaqlarda daha çox yayılıb), irsi dermatozlar, kollagenozlar, dermatit-salyari, göbələk xəstəlikləri, rəngbərəng dəmirov olduğunu qeyd etdi. Həmçinin onu da vurğuladı ki, allergik-dermatitlər qida mənşəli olur və tənəffüslə, kontakt vasitəsilə keçə bilər.

Dəri xəstəlikləri müxtəlif olduğu kimi, onu yaradan səbəblər də müxtəlifdir. Burada “ağırlıq mərkəzinin” hansı tərəfə düşdüyü də maraq kəsb edir: genetik, bioloji, yoxsa gigenik. RDZD yetkilisi hər üç amili dəri xəstəliklərinin yaranmasında mühim faktor hesab edir: “Genetik amil – genodermotozlardan ibarətdir. Bura ixtioz, keratodermiya, albinizm, darye xəstəliyi və s aiddir. Bioloji amil ekzogen və endogen faktorlardan ibarətdir. Bu səbəbdən yaranan xəstəliklərə dermatitlər, göbələk xəstəlikləri, pidermiyalar, qoturluq, ziyillər viruslar aiddir. Gigenik amillər də dəri xəstəliklərində böyük rol oynayır. Çünkü dəriyə düzgün qulluq etmədikdə müxtəlif dəri xəstəlikləri əmələ gələ bilər”.


Deyilənlərdən aydın olur ki, çağdaş günümüzdə - problemlərin bir-birinə zəncirvari bağlı olduğu bir zamanda hər birimiz bu xəstəliklərlə “təmas” qura bilərik – istəməsək də belə. Belə qənaətə gəlməyimin səbəbi Z.Nuriyevin “daha geniş yayılan dəri xəstəlikləri hansılardır və bunları təsnifatlandırsaq ilk üçlüyə hansı növlərini aid edərdiniz” və sonrakı suallara verdiyi cavablar oldu:

- 1 - ci yerə virus mənşəli dəri xəstəliyi olan “Herpes”-i aid etmək olar. Əhalinin 85%-i bu virusa yoluxub. Onun 8 növü var. Onlardan ən çox 1-ci və 2-ci tipə rast gəlinir.

- 2 - ci yerə dermatozlar mənşəli olan “Akma” xəstəliyidir. Gənclərin 80%-i bu xəstəliklə “tanışdır”. Xəstəliyin əmələ gəlməsinin üç səbəbi vardır:

* Hormonal dəyişikliklər.
* Genetik faktlar.
* Mədə-bağırsaq sisteminin xəstəlikləri.

- 3 - cü yerə isə “Övrə” adlı allergik dəri xəstəliyini aid emtək olar. Əhalinin 30%-nin rastlaşdığı bir xəstəlikdir.

- Həkimlər dəri xəstəliklərini iki qrupa aid edirlər:
Sağalan və sağalmayan. Bunlar hansılardır?

- Sağalmayanlar;

* ekzema,
* vitiligo,
* atopik dermotit
* psoriaz kimi xəstəliklərdir.

- Sağalanlar;

* allergik
* kontakt dermotitlər,
* qoturluq,
* akke, göbələk və s xəstəliklərdir.

- Yaz - yay aylarında dəri-zöhrəvi xəstəliklərinə daha çox təsadüf olunur. Xəstəliyin mövsümi xarakterliyi nə ilə bağlıdır –düzgün qidalanmama yoxsa təbiətlə “rabitənin” düzgün qurulmaması ?


- Əlbətdə ki, hər iki faktorun öz rolu var. Bunun səbəbi yaz-yay aylarında insan orqanizmində olan dəyişikliklərlə bağlıdır. İmmun və ekdokrik sistemlərində olan dəyişikliklərlin baş verməsi, hava temperaturunun artması ilə yaz aylarında daha çox allergik xəstəliklər baş qaldırır. Buna səbəb güllərin və ağacların çiçəklənməsidir. Bir çox insanlar yay aylarında Günəş faktorunu düzgün dəyərləndirmədikdə onlarda müxtəlif ciddi dəyişiklər əmələ gələ bilər.


- Arzuolunmaz “dəri qonağına”, yəni dəri xəstəliklərinə yoluxmamaq üçün ilk olaraq nələrə əməl etmək lazımdır?


- Dəri xəstəliklərinin profilaktikasında dərinin təmizliyi və düzgün qulluq böyük rol oynayır. Ona görə də açıq dəri xəstəlikləri ən azı gündə 2 dəfə sabunla yuyulmalıdır və heç olmasa, həftədə 1 dəfə çimmək lazımdır. Eyni zamanda təmiz hava, günəş şüaları, hava vannaları və idman bədəni bərkidir və immuniteti gücləndirir.

Ekzema qədim dəri xəstəliklərindən hesab olunur. Buna baxmayaraq dəri xəstəliyi kimi ilk dəfə XIX əsrin əvvəllərində ingilis dermotoloqları Uillen, Beytman və Biyett tərəfindən qeydə alınıb. Ekzema – xroniki, residivlərlə müşayiət olunan, dünyanın bütün ölkələrində təsadüf olunan polietioloji allergik dəri xəstəliyidir.

Ekzemanın etiologiyası və patogenezi haqqında indiyədək dəqiq bir fikir yoxdur, ancaq bu barədə bir neçə nəzəriyyə mövcuddur. Belə ki, ekzema xəstəliyinin sinir sistemi ilə əlaqədar olmasını Hebra, Kapoşi, Polotebnev və başqa alimlər söyləyiblər. 1894-cü ildə T. P. Pavlov ekzemalı xəstələrdə dəri hissiyyatının artmasını qeyd ediblər. Müəllif göstərib ki, dəri hissiyyatı təkcə xəstəlik nahiyəsində deyil, ondan xeyli uzaqlarda, görünüşcə sağlam dəridə də artır. Bundan başqa artmış dəri hissiyyatı xəstəliyin kliniki elementləri qurtardıqdan sonra belə müşahidə olunur. Sonralar dünyaca məhşur tibbi mütəxəssislər Qolovanov, Nikolski, Pavlov, Dosıçev və başqaları ekzemalı xəstələrdə dəri hissiyyatının artması barədə T. P. Pavlovun fikirlərini bir daha təsdiq ediblər.

Hazırda belə bir mülahizə var ki, ekzema xəstəliyi mərkəzi və vegetativ sinir sisteminin funksional pozğunluğu, bir sıra ekzogen amillərin təsiri nəticəsində əmələ gəlir. Ekzogen amillərdən dəriyə bir müddət təkrar təsir göstərən mexaniki (təkrar xırda zədələnmələr), fiziki (müxtəlif şüalar), kimyəvi (turşular, qələvilər, duzlar və s.) və bioloji (bakteriyalar, göbələklər) qıcıqlandırıcılar, endogen amillərdən isə daxili sekresiya vəzilərinin funksional pozğunluqlarını, habelə daxili orqanların (qaraciyər, öd kisəsi, mədə bağırsaq) xəstəliklərini göstərmək olar.

Qeyd edək ki, adətən hər hansı bir amilin təklikdə təsiri nəticəsində ekzema əmələ gəlmir. Ekzema xəstəliyinin əmələ gəlməsi üçün bir neçə amilin birgə təsiri olmalıdır. Məhz buna görə ekzema polietioloji xəstəlik hesab edilir. Məsələn, daxili orqanların birində xroniki bir xəstəliyin olması, habelə endokrin və mərkəzi sinir sisteminin funksional pozğunluğu şəraitində ekzema baş verə bilər.

Beləliklə, ekzema xəstəliyinin patogenezində mərkəzi sinir sisteminin birinci dərəcəli rolu var.

Ekzemanın baş verməsində dəri reseptorlarının mərkəzi və periferik uclarının funksional pozğunluğunun da əhəmiyyəti var. Bir sözlə, ekzemanın baş verməsində mərkəzi və periferik sinir sistemlərinin pozulması mühüm rol oynayır.

Kliniki olaraq ekzema dəri örtüyünün bütün sahələrində baş verə bilər. Lakin o, əllərdə, qollarda, üzdə, boyunda, ayaqlarda daha çox müşahidə edilir. Ekzemanın xüsusiyyəti ondadır ki, o, əsasən orqanizmin simmetrik hissələrində əmələ gəlir. Məsələn, hər iki əldə, hər iki qulaq yaxud göz nahiyəsində və s. Ekzema çox nadir hallarda birtərəfli olur.

Ekzema zamanı iltihabi prosesə cəlb olunmuş nahiyədə əvvəlcə şişkinlik, sonra isə polimorf səpgilər müşahidə olunur. Bu səpgilər sudurcuq, düyüncük və digər tipli ünsürlərdən ibarət olur. Dəridə iltihabi proses artdıqca bu ünsürlər çoxalır.

Sonra sudurcuqların deşilməsi nəticəsində həmin yer sulanır. Bu zaman zədələnmə nahiyəsində səthi sıyrıntılar, buynuz təbəqəsindən məhrum olunmuş sahələr, qartmaqlar və s. ikincili dəri ünsürləri müşahidə olunur. Ekzemanın sulanan dövründə zədələnmə nahiyəsində xırda damcılarla ekssudat buraxan xeyli nöqtəvari məsamələr görmək olar.

Ekzemanın bir neçə kliniki şəkli olur:

Mikrob ekzeması

Seboreya ekzeması

Peşə ekzeması

Həqiqi ekzema

Ekzema uzun sürən xroniki dəri xəstəliyidir. O, bəzən sakitləşib sağalmağa meyl edir, bəzən də artıb kəskinləşir.

Ekzemaya diaqnoz qoymaq nisbətən asandır. Xəstəliyin simmetrik olması, zədələnmə nahiyəsində düyüncüklərin, sudurcuqların, sulanmanın, qaşınmanın, müşahidə olunması əsasında diaqnoz qoyulur. Bəzən ekzemanı allergiyalı dermatitdən ayırmaq xeyli çətinlik törədir. Ekzemadan fərqli olaraq allergiyalı dermatit dəri örtüyünün açıq hissələrində və müəyyən ekzogen qıcıqlandırıcının təsiri nəticəsində əmələ gəlir.

Həmin qıcıqlandırıcı orqanizmdən uzaqlaşdırıldıqda xəstəlik tezliklə qurtarır. Ekzemanın proqnozu xəstənin, mərkəzi sinir sisteminin ümumi vəziyyətindən, onun əmək və məişət şəraitindən, xəstəliyin müddətindən, residiv və remissiya müddətindən asılıdır.

Ekzema xəstəliyinin müalicəsi mütəxəssis həkim-dermatoloq tərəfindən aparılmalıdır. Bu xəstəlik polietioloji xəstəlik olduğundan belə xəstələrin müalicəsi kompleks şəkildə aparılmalıdır. Bu xəstələrin müalicəsində ümumi sinir sistemini sakitləşdirici sedativ dərmanlardan, antihistamin və desensibilizəedici maddələrdən, vitaminlərdən, hepatoprotektorlardan, yerli olaraq isə müxtəlif islatma, məlhəm və emulsiyalardan istifadə olunur.

Müalicə vaxtı eyni zamanda müxtəlif dərman bitki və çiçəklərindən alınmış ekstrakt, tinktura, dəmləmə və çaylardan da geniş istifadə edilir. Müalicə hər bir xəstəyə xəstəliyin formasından, növündən, xarakterindən asılı olaraq fərdi qaydada təyin edilir.