Osteoxondroz xəstəliyinin müalicəsi

Osteoxondroz xəstəliyinin müalicəsi

Xalq arasında "duzlaşma" və ya "duzların yığılması" kimi də bilinən, amma adi duzla heç bir əlaqəsi olmayan bu xəstəliyi insanların əksəriyyətində müxtəlif formalarda aşkar etmək olar.

Osteoxondroz zamanı onurğa sütunu fəqərələri arasında olan qığırdaq zədələnir. Bu qığırdaq amortizasiya funksiyasını yerinə yetirir - qığırdaq fəqərələrə bir-birini sıxmaq və sürtmək imkan vermir. Qığırdaq zədələndikdə və daha sonra dağıldıqda fəqərələr bir birini sıxmağa başalayır, onların arasında keçən qan damarları və sinirlər sıxılır və bu müxtəlif pozulmalara səbəb olur.

Belə ki, boyun osteoxondrozu zamanı xəstədə bu kimi simptomlar müşahidə olunur: baş ağrıları, başgicəllənməsi, boyun nahiyəsində və qollarda ağrılar, qolların keyiməsi, qulaqlarda küy, beyin qan dövranı pozulması, diqqət və yaddaşın zəifləməsi.

Onurğa sütunu döş hissəsi osteoxondrozu zamanı ürək, mədə, bağırsaqlarda ağrılar ola bilər.

Bel fəqərələri osteoxondrozu zamanı bel nahiyəsində və ayaqlarda ağrılar, baldırlarda qıcolmalar, sidik kisəsində pozulmalar (ağrılar, sidik saxlaya bilməmək halı), kişilərdə prostat vəzidə pozulmalar, qadınlarda ginekoloji xəstəliklər və s. ola bilər.

Xəstəlik inkişaf etdikcə xəstədə onurğa sütunu yırtıqları inkişaf edə bilər. Bu zaman onurğa beyini sıxılmağa başlayır ki, bu, çox ağır pozulmalara gətirib çıxarda bilər - xəstənin ayaqları tutulur, xəstə yeriyə bilmir və s.

Osteoxondrozun inkişafına irsiyyət, azhərəkətli həyat tərzi, artıq çəki, ağır yüklərin qaldırılması, travma və mikrotravmalar kimi amillər təkan verir.

Osteoxondroz uzun illər ərzində inkişaf edir. Hal-hazırda bu pozulmanı tam müalicə etmək mümkün deyil. Lakin müəyyən müalicə və profilaktik vasitələrin köməyi ilə bu pozulmanın inkişafını ləngitmək və xəstəni osteoxondrozla bağlı olan ağrılar və digər pozulmalardan xilas etmək mümkündür. Müalicə olunmadıqda osteoxondroz çox ağır fəsadlara (hətta əlilliyə) gətirib çıxarda bilər.

Darıdağ müalicəvi duzu ilə qarışdırılmış su vannası qəbul etmək osteoxondroz xəstəliklərində yaxşı nəticə verir.